ELM VƏ TƏHSİL
Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyələr göndəriblər
Bakı, 2 iyun, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Suriya uşaqları üçün ümidlər” adlı sosial kampaniya keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən birgə keçirilən kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub.
Kampaniyanın məqsədi bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çərçivəsində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara çatdırılacaq.
Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya “BİR” Tələbə-Könüllü Proqramı, fərdi şəxslər və məktəblilər dəstək veriblər.