MƏDƏNİYYƏT
Azərbaycanlı musiqiçilər Vyanada konsert proqramı ilə çıxış ediblər
Vyana, 18 noyabr, AZƏRTAC
Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) Vyananın “Am Roten Hof” qalereyasında konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsertin birinci hissəsində V.Motsart, L.Betxoven və Arif Məlikovun əsərləri ifa olunub. İkinci hissə isə İ.Bramsın “Skripka üçün konsert”i ilə başlayıb və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Qızların rəqsi” parçası ilə yekunlaşıb. Tamaşaçılar konsertin ikinci hissəsində Vaqif Mustafazadənin fortepiano üçün solo ifa olunan “Düşüncə” əsərini böyük maraqla dinləyiblər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bakalavr pilləsi üzrə bitirən F.Feyzullayev Vyana Musiqi Akademiyasında magistr təhsili alır. Avstriya, İtaliya, Almaniya, Macarıstan, Slovakiya, Sloveniya, İsveçrə və digər ölkələrdə konsert proqramlarında çıxış edib.
Budapeştdə F.List adına Akademiyanın magistr pilləsini bitirən Jalə Rəsulova Avstriya, Polşa, İtaliya, Macarıstan, Slovakiya, Sloveniya və Avropanın digər ölkələrində konsertlərdə iştirak edib.
Avstriyada yaşayan gənc cütlük, həmçinin müxtəlif orkestrlərdə çalışır. Həmin kollektivlər sırasında azərbaycanlı musiqiçilərin yer aldığı “Xəzər virtuozları” orkestri də var.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana