MƏDƏNİYYƏT
Azərbaycanlı musiqiçilər beynəlxalq festivalda uğurla çıxış ediblər
Bakı, 27 aprel, AZƏRTAC
Özbəkistanın Mədəniyyət Nazirliyi və Əlişir Nəvai adına Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Daşkənddə “Taşkent Bahoru” V Beynəlxalq Opera və Balet Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalda Rusiya, Başqırdıstan, Çin, Qazaxıstan, Özbəkistanla bərabər, ölkəmizdən olan tanınmış musiqiçilər də iştirak edirlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti Əyyub Quliyev və teatrın solisti, Əməkdar artist Afaq Abbasova dahi Cüzeppe Verdinin iki opera əsəri – “Trubadur” və “Traviata”nın ifasında böyük uğurla iştirak ediblər.
Özbəkistan mətbuatı Azərbaycan musiqiçilərinin çıxışı və fəaliyyətlərini geniş işıqlandırıb. Tamaşalarda Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə bərabər, Rusiyanın Gelikon Opera Teatrının solistləri - Larisa Kostyuk, İvan Qınqazov, Özbəkistanın Xalq artisti Ramiz Usmanov, Başqırdıstanın Xalq artisti Askar Abdrazakov və digər məşhur ifaçılar yer alıb.
Əlişir Nəvai adına Dövlət Akademik Opera və Balet Teatrının direktoru Mahmud Muradov festivalın baş mükafatını Əyyub Quliyev və Afaq Abbasovaya təqdim edərək onlara uğurlu çıxışları münasibətilə təşəkkürünü bildirib.
Qeyd edək ki, mayın 5-dək davam edəcək festival Özbəkistan Opera və Balet Teatrının baş baletmeysteri, Xalq artisti Andris Liepanın quruluşunda Stravinskinin “Atəş quşu” baletinin premyerası ilə tamamlanacaq.