REGİONLAR
Azərbaycanlı mütəxəssislər 200-dən çox yeni pomidor sortu üzərində seleksiya aparırlar VİDEO
Bakı, 4 yanvar, Xəyalə Cəfərova, AZƏRTAC
Bir çox tərəvəz kimi pomidorun da insan orqanizmi üçün faydaları var. Bu tərəvəz insanı ürək, diabet, xərçəng xəstəliklərindən qorumaqda mühüm rol oynayır. Eyni zamanda, dəri və saç sağlamlığına faydalıdır, artıq çəkilərdən azad olmağa kömək edir.
AZƏRTAC-ın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə məxsus istixanada olub, burada aparılan seleksiya işləri haqqında məlumat əldə ediblər.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun mütəxəssisi Ramil Nəbiyev bildirib ki, istixanada pomidor bitkisinə aid 200-dən çox yeni sort var. Seleksiya prosesi ilə məşğul olan mütəxəssislər bu sortlar üzərində müxtəlif tədqiqatlar aparırlar.
R.Nəbiyev toxum emalından da danışıb: “Yığım prosesindən sonra toxum emalı məntəqəsində işlər davam etdiriləcək. İstifadəyə yararlı toxumlar dərmanlandıqdan sonra münasib qiymətə fermerlərə təqdim olunacaq”.
Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda pomidordan başqa, həmçinin bibər, badımcan, kahı bitkiləri üzərində də yeni və yüksək məhsuldar növlərin əldə olunması istiqamətində tədqiqatlar aparılır.