İQTİSADİYYAT
Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub
Bakı, 27 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb. Bu gün layihənin beynəlxalq “WSIS Prizes – 2021” müsabiqəsində birinciliyini təsdiq edən sertifikat təqdim olunub.
AZƏRTAC Məlumat Hesablama Mərkəzinə istinadla xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (“WSIS Prizes – 2021”) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən beynəlxalq onlayn konfransda öz sahiblərinə təqdim olunub. Pandemiya səbəbindən mükafatlandırma mərasimi onlayn keçirildiyi üçün qaliblərə sertifikatın təqdim olunması da bir neçə gün sonra reallaşıb.
“Yeni layihələrlə daha böyük uğurlara imza atmaq üçün bütün səylərimizi birləşdirəcəyik və bundan sonra da ölkəmizi beynəlxalq arenalarda layiqli şəkildə təmsil edəcəyik”, - deyə Mərkəzin məlumatında bildirilib.