CƏMİYYƏT
Azərbaycanlı nevroloq Avropa İnsult Təşkilatının Mərkəzi Asiya toplantısında çıxış edib
Bakı, 26 aprel, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Avropa İnsult Təşkilatının “ESO-EAST” proqramının iştirakçıları olan ölkələrin Mərkəzi Asiya görüşü keçirilib. Avropada və Dünya İnsult təşkilatlarının iştirakı ilə dünyada insultlu xəstələrə yardımın keyfiyyətinin təkmilləşdirməsi məqsədi ilə həyata keçirilən proqram çərçivəsində xüsusi onlayn platformada üzv ölkələrin xəstəxanaların qeydiyyatı aparılır, insultlu xəstələrə yardımın təşkili haqda məlumatlar verir.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çexiyanın nümayəndələri öz hesabatlarını təqdim ediblər.
Azərbaycan üzrə hesabatı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Rahim Əliyev təqdim edib. O, öz çıxışında proqram çərçivəsində ölkəmizin proqrama qoşulduğu 2016-cı ildən bəri 8 xəstəxananın qeydiyyatdan keçdiyi, 116 xəstənin qeydiyyata salındığı barədə məlumat verib. Qeyd edilib ki, son illər ölkəmizdə bir sıra xəstəxanaların əsaslı təmir edilərək yeni avadanlıqlarla təchiz olunması insultun diaqnozunun vaxtında qoyulmasına və ehtiyac olduqda invaziv müalicəsinə, eləcə də müalicəsində tətbiq edilən trombektomiya əməliyyatlarının aparılmasına yeni imkanlar yaradır. Həmçinin regionlarda insultun müalicəsi problemi, sığorta sisteminin və teletəbabətin tətbiqi barədə suallar müzakirə edilib və həmin yeniliklərin nəinki insultların, həm də digər xəstəliklərin müalicəsinin keyfiyyətinin artırılmasına səbəb olduğu bildirilib.
Görüşün sonunda əldə edilən ilkin nəticələrin nəşr edilməsi barədə müzakirələr aparılıb və bu ilin mayında İsveçin Goteberq şəhərində keçirilən 4-cü Avropa İnsult konqresinin materiallarında nəticələrin tezis şəklində müzakirəsinə geniş yer ayrılacağı göstərilib.