CƏMİYYƏT


Azərbaycanlı professor Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Kamran Musayev Tbilisi şəhərində keçirilən 1-ci Beynəlxalq Ürək Cərrahiyyəsi Konqresində “Aortal qapağın təmiri – Bakı təcrübəsi” mövzusunda mühazirə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konqresdə azərbaycanlı cərrah-kardioloq Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilib. Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Sulxan Lominadze ona üzvlük diplomunu təqdim edib.

Konqres başa çatandan sonra Kamran Musayev deyib: “Qonşu ölkənin ürək-damar cərrahları ilə uzun müddətdir ki, əməkdaşlıq edirik. Mütəmadi olaraq onlarla müxtəlif beynəlxalq elmi tədbirlərdə görüşür, təcrübə mübadiləsi aparırıq. Bakıda təşkil etdiyimiz “Bakı Ürək Günləri” beynəlxalq konqresində gürcüstanlı həmkarlarımız fəal iştirak ediblər. Biz də öz növbəmizdə onların keçirdiyi ilk beynəlxalq konqresdə iştirak edib onlara dəstəyimizi göstərdik. Gürcüstan Ürək Cərrahiyyəsi Cəmiyyətinin fəxri üzvü seçilməyimi əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün yeni bir addım kimi qiymətləndirirəm. İnanıram ki, təşkilatlarımız arasında əməkdaşlıq bundan sonra da uğurla davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.