CƏMİYYƏT
Azərbaycanlı qardaşların qəhrəmanlığı “Rossiya-24” telekanalında VİDEO
Moskva, 3 mart (AZƏRTAC). Rusiyanın Həştərxan şəhərində yaşayan azərbaycanlılar - Orxan və Sərxan Məmmədov qardaşları qonşuluqdakı yanan evdən iki uşağı və onların anasını xilas etmişlər. Rusiya Fövqəladə Hallar Nazirliyi Həştərxan Regional İdarəsi azərbaycanlı qardaşları fəxri fərman və medalla təltif edəcəkdir.
Martın 2-də Rusiyanın “Rossiya-24” telekanalı Həştərxan şəhərində baş vermiş bu hadisə ilə bağlı süjet yayımlamışdır. Venera Ajmullayevanın təqdim etdiyi materialda qeyd olunmuşdur ki, Həştərxanda yaşayan çoxuşaqlı ailənin iki övladı – Orxan və Sərxan binanın birinci mərtəbəsindəki mənzildən qatı tüstü çıxdığını görüb düşünmədən yerdən iki metrdən artıq hündürlükdə olan eyvana qalxmışlar. Qardaşların dediyinə görə, mənzili artıq tüstü bürümüşdü. Orxan Məmmədov demişdir: “Sərxan mənzilə birinci daxil oldu. Qadını havaya çıxardıq. Onun saçları yanırdı. Sonra artıq alov götürmüş mənzildə qalmış iki uşağı da tapdıq. İkinci uşağı çıxaranda mənzildəki televizor partladı”.
Yanğınsöndürənlər hadisə yerinə tez gəlsələr də, hətta 10 dəqiqədən sonra yanan mənzilin sakinlərinin xilas edilməsi üçün şans çox az qalırdı. FHN-in əməkdaşları etiraf edirlər ki, gənclərin bu hərəkəti əsl qəhrəmanlıqdır, çünki onların həyatı üçün böyük təhlükə var idi. Rusiya FHN-in Həştərxan vilayəti üzrə İdarəsinin yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin rəisi Sergey Sobolev demişdir: “Bu vətəndaşlar uşaqları xilas edərkən həyatlarını və sağlamlıqlarını təhlükə altına qoyaraq, mərdlik və fədakarlıq nümayiş etdirmişlər. Onların hərəkəti hörmət və ehtirama layiqdir”.
Qəhrəman qardaşların anası, altı övladını tək böyüdən Dünya Əkbərova oğulları ilə fəxr edir və onların bu hərəkətini alqışladığını deyir.
Qeyd edək ki, Rusiya mətbuatı bu hadisə barədə xeyli xəbər yaymışdır. Lakin diqqəti çəkən bir məqam da vardır. Ötən il Biryulyov hadisələri zamanı adı hallanan Orxan Zeynalovun cinayət işini işıqlandıran Rusiya mətbuatı onun azərbaycanlı olduğunu hər dəfə qeyd etməyi özünə borc bilirdi. Lakin Orxan və Sərxan qardaşlarının Rusiyada göstərdikləri şücaət barədə informasiya və süjetlər təqdim edən həmin mətbuat nədənsə gənclərin məhz azərbaycanlı olduqlarına diqqəti cəlb etməyi unudur. Elə “Rossiya-24” telekanalının bu süjetində olduğu kimi...
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva