MƏDƏNİYYƏT


Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunur

Paris, 19 oktyabr, AZƏRTAC

Parisdə “Cinematheque” kinoteatrında Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı ekran əsərinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı rejissorun filmi fransız kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Semaine de la Critique 2020” etiketindən faydalanmaq hüququ qazanan 10 qısametrajlı ekran əsərindən nümayiş olunan ilk 5 film arasında azərbaycanlı rejissorun filmi də yayımlanıb. Ekran əsərinin ictimaiyyətə nümayişi oktyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, “Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib. Bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə başlayan “Tənqid həftəsi”ndə 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanmaq imkanı əldə edib.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

Bakı Dövlət Universitetinin İqtisadi kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FIL production” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında premyerası olan “Yara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. “Duz, istiot zövqə görə” filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.