MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun tamaşası Qazaxıstan teatrının səhnəsində
Bakı, 24 yanvar, AZƏRTAC
K.S.Stanislavski adına Karaqanda Dövlət Rus Dram Teatrında (Qazaxıstan) Amerika dramaturgiyasının canlı klassiki Nil Saymonun “Axmaqlar” pyesi ilk dəfə səhnəyə qoyulub.
AZƏRTAC xəbər verir ki, tamaşaya Azərbaycandan dəvət edilmiş rejissor Mikayıl Mikayılov quruluş verib. Tamaşanın quruluşçu rəssamı da soydaşımız, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəssamı Mustafa Mustafayevdir.
Nil Saymon “Axmaqlar” pyesində qorxunun insan dərrakəsinə iflicedici təsirini təsvir edib. Tamaşaçı müəllim Leon Tolçinski ilə birlikdə sakinləri ilk baxışda adi adamlardan seçilməyən Kuliçovka kəndinə düşür. Amma tezliklə məlum olur ki, bu kənddəki poçtalyon, qəssab, həkim və onun arvadı, çoban, alverçi bizim alışdığımız praqmatik dünyanın insanları deyillər. Kəndin bütün sakinləri axmaqdır. Bunun səbəbi isə kənd əhalisini izləyən qədim ovsundur. Amma Leon həkimin qızı Sofyaya aşiq olur və qızın məhəbbətini qazanmaq üçün Kuliçovkanın ən böyük cadugəri qraf Yuzekeviçlə mübarizəyə başlayır. Sevgi və mövhumatın zəhərləmədiyi ağıl müəllimin bu qarşıdurmadan qalib çıxmasına kömək edir.