MƏDƏNİYYƏT
Azərbaycanlı rejissorun yeni sənədli filminin treyleri yayımlanıb ViDEO
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanlı rejissor və ssenarist Nadir Maçanovun “İnam, ümid, sevgi” adlı yeni sənədli filminin treyleri yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan, Ukrayna və Rusiya kinematoqrafçılarının üç xristian xeyirxaha həsr etdikləri birgə ekran əsəridir.
Filmin operatoru Raid Abbasov (Azərbaycan), bəstəkarı Emil Həşimov (Azərbaycan), səs rejissoru Aleksandr Fedorenkodur (Ukrayna).
Film Odessada qadın cəzaçəkmə müəssisəsindəki məhbusun, Müqəddəs Georgievski qadın monastırı (Rusiya) rahibəsinin və öz həyatını əlil ərinə həsr etmiş təqaüdçü xanımın həyatından bəhs edir.
Rejissor Nadir Maçanovun sözlərinə görə, bu film müsəlmanların xristian dostlarına özünəməxsus hədiyyəsidir. “Biz göstərmək istəyirik ki, insanı yalnız Allaha sevgisi xilas edir. Sevgi olan yerdə inam və ümid də mövcuddur”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, yaxın vaxtlarda “İnam, ümid, sevgi” filminin Bakı, Moskva və Kiyevdə təqdimatı olacaq.