ELM VƏ TƏHSİL


Azərbaycanlı rektor beynəlxalq konfransda dini ekstremizmin yaranmasının səbəblərindən danışıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Rusiyada beynəlxalq konfransda iştirak edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası Perm vilayətinin İncəsənət Universitetində keçirilən konfrans “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusuna həsr olunub.

Konfransda C.Məmmədov “Dini ekstremizmin qarşısının alınması: mövcud vəziyyət və təhdidlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, müasir dövrdə dünyanın bir çox dövləti dini ekstremizm və terrordan əziyyət çəkir. O qeyd edib ki, dünyanın bir çox bölgəsində terror hadisələri səbəbindən ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, dini ibadət ocaqları dağıdılır.

Radikalizm və ekstremizmin yaranmasının obyektiv və subyektiv səbəblərindən danışan rektor bəzi dövlətlərin öz siyasətində dini zəmində ayrı-seçkiliyə rəvac verdiyini, bunun da dinlərarası münasibətlərin gərginləşməsinə səbəb olduğunu qeyd edib.

C.Məmmədov çıxışında deyib: “Ermənistanın terrora dövlət səviyyəsində dəstək verməsi və Azərbaycana qarşı terrorda iştirakı, çoxlu sayda Azərbaycan vətəndaşını qətlə yetirməsi, mədəniyyət abidələrini dağıtması inkaredilməz faktdır. Ermənistan tərəfindən müxtəlif vaxtlarda ölkəmizdə bir sıra terror aktlarının törədilməsi bu fikri bir daha təsdiq edir”.

Rektor vurğulayıb ki, terrorun ağrı-acısını yaşamış bir ölkə kimi, Azərbaycan onun bütün təzahürlərini pisləyir. Azərbaycan terror hadisələrinin qarşısının alınmasına yönəlmiş səyləri dəstəkləyir, onu doğuran səbəblərin aradan qaldırılması və qarşısının alınması məqsədilə dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarla müntəzəm və sıx əməkdaşlıq edir.

C.Məmmədov, eyni zamanda, Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən işlərdən geniş bəhs edib. O bildirib ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapıb. 2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilib.

Məruzəçi qeyd edib ki, ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.