MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın Qaziantepdə açılan fərdi sərgisi rəsmsevərlərin zövqünü oxşayır VİDEO
Qaziantep, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bir çox sənət adamına yeni yaradıcılıq uğurları üçün mənəvi stimul olub. Türkiyədə yaşayıb-yaradan tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyev də Zəfər mövzusuna həsr edilmiş yeni kolleksiya üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə 70 illik yubileyini qeyd etməyə hazırlaşan Məhəmməd Əliyevin Qaziantep şəhərində açdığı fərdi sərginin rəsmsevərlər tərəfindən böyük maraqla qarşılanması isə görkəmli fırça ustasının sənətinə verilən qiymət və əsl yubiley hədiyyəsi olub.
Anadolunun cənubunda yerləşən Qaziantep şəhərində azərbaycanlı rəssam Məhəmməd Əliyevin “Sənətdə 60 il” adlı fərdi rəsm sərgisi neçə gündür ki, rəsmsevərlərin ziyarətgahına dönüb. Şəhid Kamil Sənət Akademiyasının qalereyasında təşkil olunan rəsm sərgisi azərbaycanlı rəssamın fırça ilə söz açdığı mövzuları təqdim edir.
Məhəmməd Əliyevin yağlı boya, keramika, qrafika janrında yaratdığı əsərlər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Avstriya, Almaniya, Fransa və digər ölkələrdə nüfuzlu sərgilərdə nümayiş olunub, Bakı, İstanbul, Ankara və hazırda yaşadığı Qaziantep şəhərində təşkil edilən fərdi sərgiləri böyük maraqla qarşılanıb. Hazırda “Məhəmməd Əliyev” imzalı əsərlərə dünyanın mötəbər muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. Rəssamın son işlərindən biri isə görkəmli kaman ustası Habil Əliyevə həsr etdiyi “Habil Dünyası” əsəridir.
Xatırladaq ki, 1996-cı ildə qardaş Türkiyəyə köçən Məhəmməd Əliyev hazırda yaradıcılıqla yanaşı Qaziantep Universitetində pedaqoji fəaliyyətini də davam etdirir, sənətinin sirlərini gənc nəsillərlə bölüşür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep