İQTİSADİYYAT
Azərbaycanlı şagirdlər Beynəlxalq Dron Olimpiadasında pilot olmaq uğrunda mübarizə aparacaqlar
Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 4-də Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “RoboPark”ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robototexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Beynəlxalq Dron Olimpiadasının (“Drontech”) Azərbaycan finalı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə AREA-nın rəhbəri Rəhman Rəsulzadə deyib.
O qeyd edib ki, olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta ümumtəhsil müəssisələrində oxuyan 7-12 yaşlarında 25 şagird 3 kateqoriya üzrə ən yaxşı pilot olmaq uğrunda mübarizə aparıblar. Şagirdlər gücünü “Drone Race”, “Drone Football” və “Drone Challenge” olmaqla 3 fərqli kateqoriyada sınayacaqlar. Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılara sertifikat və hədiyyələr veriləcək. Qaliblərə Azərbaycanda ilk dron pilot uçuş vəsiqələri təqdim olunacaq.