CƏMİYYƏT


Azərbaycanlı skautlar Belarusda keçirilən IV Avrasiya regional yığıncağında iştirak ediblər

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Skautlar Assosiasiyasının geniş tərkibli nümayəndə heyəti iyulun 16-da Belarusda işə başlayan beynəlxalq skautlar yığıncağında – IV Avrasiya regional camborisində iştirak edir.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, iyulun 22-dək davam edəcək cambori çərçivəsində təşkil olunacaq müzakirələrə Azərbaycandan 30-dan çox skaut qatılacaq.

Belarusun Stolbcov regionunda təşkil olunan camboridə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və digər ölkələrin milli skaut təşkilatlarının nümayəndələri iştirak edirlər.

Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd əl-Hindavi də camboriyə qatılacaq. Camborinin proqramına əsasən, iyulun 18-də bütün iştirakçı ölkələrin mədəniyyətlərinin nümayişi olacaq. Ev sahibi Belarusun mədəni-tarixi potensialı iyulun 20-də təqdim ediləcək.

İrimiqyaslı interaktiv tədbirlər Belarusda skaut fəaliyyətinin 30 illik yubileyinə həsr olunub. “Uşaqlar və gənclər sülh elçiləridir” və “Sülh barədə dialoq” camborinin əsas mövzularıdır. Mövzular ətrafında müzakirələr beynəlxalq əlaqələrin genişlənməsinə, uşaqların və gənclərin siyasi mədəniyyət üzrə təhsil imkanlarına, mədəniyyətlərarası əlaqələrin qurulmasına və Belarusun turizm potensialının təbliğinə töhfə verəcək.

Dünya Skaut Hərəkatı Təşkilatı tərəfindən dörd ildə bir dəfə (müharibə illəri istisna olmaqla) keçirilən beynəlxalq skaut toplantısı – cambori hər dəfə skaut hərəkatının olduğu müxtəlif ölkələrdə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.