MƏDƏNİYYƏT


Azərbaycanlı ssenaristin tamaşası Moskva teatrında izləniləcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Moskva Müasir İncəsənət Teatrının (MMİT) səhnəsində ssenari müəllifi Lalə Əliyeva-Klıçkova olan “Oğlan qonaqlığı” tamaşasının premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru MMİT-nin direktoru Ruslan Bankovskidir. Səhnə əsərində aktyorlar Dmitri Mazurov, Petr Barançeyev, İvan Nikolayev, Stanislav Erkliyevski, Mixail Pavlik və rus estradasının ulduzu Vlad Topalov iştirak edirlər.

Tamaşada intriqa, hər qəhrəmanın firavan həyatı ilə daxili aləmindəki nizamsızlığın qarşı-qarşıya gəlməsi, uyğunsuzluğu ifadə olunur. Belə mövzu, əsəri “yeni dram” cərəyanına aid etməyə imkan verir. Bu cərəyan öz başlanğıcını H.İbsenin “Kukla evi”, A.P.Çexovun “Albalı bağı”, B.Şounun “Ürəklərin qırıldığı ev” kimi pyeslərdən götürür. Pyes xarici hərəkətlərdən insanın daxili motivlərinə keçid ilə xarakterizə olunur. Mərkəzdə personajların hərəkətlərinin psixoloji iç üzü, eləcə də refleksiya, baş verənlərin təhlili durur.

Keçmişdə çox yaxşı dostlar və indi sadəcə tanışlar olan beş oğlan aralarından birinin qarşıdan gələn nikahını müzakirə etmək üçün “oğlan qonaqlığı”na toplaşırlar. Nəşəli axşam hər kəsin sevgi ilə bağlı xatirələri və hekayələrinə çevrilir.

Qeyd edək ki, pyesin müəllifi Lalə Əliyeva-Klıçkova təkcə ssenarilərin yazılması deyil, eyni zamanda, prodüser və rejissorluq kimi fəaliyyətdə də təcrübə sahibidir. Belə ki, 2017-ci ildə onun ssenarisi əsasında çıxan “Dəniz suyu içən it” qısametrajlı filmi bir çox beynəlxalq kino festivallarında nümayiş etdirilərək, çoxlu sayda mükafat qazanmışdır. Film Los-Ancelesdəki “DaVinci” Beynəlxalq Film Festivalında ən yaxşı qısametrajlı film mükafatı qazanıb. Ötən il isə Lalə Əliyeva-Klıçkovanın rejissor kimi çıxış etdiyi “Beləcə şirin həyat” filminin çəkilişləri başa çatıb. Ancaq “Oğlan qonaqlığı” pyesi onun rus teatrı ilə əməkdaşlığında ilk təcrübəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.