CƏMİYYƏT
Azərbaycanlı stomatoloq Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib
Bakı, 6 noyabr, AZƏRTAC
Moskvada Mərkəzi Elmi-Tədqiqat Stomatologiya və Üz-çənə Cərrahiyyəsi İnstitutu və Rusiya Stomatoloji Assosiasiyasının təşkilatçılığı ilə “Parodontologiya və implantologiyada yumşaq və sərt toxumaların regenerasiyası: müasir cərrahi və estetik aspektlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir parodontoloji cərrahiyyəsi: kliniki praktikada müvəffəqiyyət amilləri” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans iştirakçılarının maraqla dinlədikləri məruzə interaktiv müzakirələrin aparılmasına səbəb olub.