ELM VƏ TƏHSİL
Azərbaycanlı tədqiqatçı beynəlxalq konfransda iştirakına görə sertifikata layiq görülüb
Bakı, 19 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə “TurkLang-2021” onlayn beynəlxalq konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Konfransda “Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellərin tətbiqi” mövzusunda çıxış edən S.Məmmədzadə bildirib ki, transliterasiya sistemləri dil və yazı maneələrinin aradan qaldırılması baxımından faydalıdır. Xüsusilə müvafiq ad və texniki terminlərin qarşılığının tapılmasında, maşın tərcüməsi və dillərarası məlumat mübadiləsi üçün dəstəkləyici vasitə kimi transliterasiya böyük əhəmiyyət kəsb edir. Transliterasiya prosesi üçün hazırda müxtəlif metodlar işlənib.
Məqalədə ən çox istifadə olunan maşın transliterasiyası üsulları haqqında ətraflı məlumat verilib, Azərbaycan dili qrafikasının transliterasiyası sahəsində mövcud vəziyyət araşdırılıb. Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellər seçilib və tətbiq edilib. Hər bir dil cütlüyü üçün hazırlanmış qaydalar izah olunub və nümunələr göstərilib.
Qeyd edək ki, S.Məmmədzadə beynəlxalq konfransda çıxışına görə sertifikata layiq görülüb.