CƏMİYYƏT


Azərbaycanlı tələbə dünyanın ən böyük hüquq gəncləri təşkilatına vitse-prezident seçilib

Bakı, 30 aprel, AZƏRTAC

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54 min 500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulub. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə onların inkişafına dəstək göstərməkdir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, ELSA-nın Azərbaycandakı Milli İdarə Heyəti üzvü Samirə Səfərova aprelin 11-17-də keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, BİH təşkilatın ali icra orqanıdır. Onun səkkiz üzvü Belçikanın Brüssel şəhərindəki ELSA-nın baş ofisində birillik müddətə fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və sair ilə peşəkar əməkdaşlığı həyata keçirir.

Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyəti üzvüdür və bu gün keçirilmiş görüşdə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə Səfərovanı təbrik edib, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirib və sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilib.

Bildirilir ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin aprelin 28-də keçirilmiş iclasında həmin təşkilatın bu dönəm layihələrindən “Moot Court” - Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə, o cümlədən hüquqi mübahisənin müzakirəsi və vəkilliyə marağın artırılması ilə bağlı Danışıqlar Müsabiqəsinə maddi dəstəyin göstərilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.