QAN YADDAŞI
Azərbaycanlı tələbələr Aberdində Xocalı aksiyası keçiriblər
Bakı, 26 fevral, AZƏRTAC
Şotlandiyada təhsil alan azərbaycanlı tələbələr Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, digər soydaşlarımız da iştirak ediblər. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.
Tədbir çərçivəsində yerli sakinlərə və qonaqlara Xocalı soyqırımı və erməni təcavüzü haqqında məlumatların əks olunduğu broşürlər paylanılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, qaçqın və köçkün problemi, eləcə də bir gecədə məhv edilən Xocalı şəhəri və onun azərbaycanlı sakinlərinin acı taleyi haqqında dolğun məlumat veriblər.
Aksiya beynəlxalq təşkilatlara və dünya dövlətlərinə ünvanlanmış müraciətin oxunması ilə başa çatıb.
Müraciətdə Xocalı soyqırımının tanınması və hüquqi qiymətin verilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün təzyiq göstərilməsi tələb edilir.