SİYASƏT


Azərbaycanlı tələbələr Qarabağ irsi ilə bağlı həqiqətləri Brüsseldə təbliğ edirlər

Brüssel, 29 noyabr, AZƏRTAC

Brüsseldə, Avropa Parlamentində fransız deputat Natali Luizönün təqdimatında “Dağlıq Qarabağ - təhlükə altında irs” adlı sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Qarabağın fərqli guşələrini, tarixi və mədəni abidələrini sərgiləyən fotoqraf əslən Ermənistanın sabiq səfiri, Yerevanda Diplomatik Məktəbin direktoru Vahe Qabrielyan idi. Təqdirəlayiqdir ki, erməni diasporundan və müxtəlif Avropa ölkələrindən gələn iştirakçılardan başqa, sərgidə Azərbaycan da əsas ofisi Brüsseldə yerləşən CIEIP (Caspian Initiative for European Integration and Partnership) lobbi təşkilatı ilə təmsil olunurdu. Bu QHT-nin əsas məqsədlərindən biri Cənubi Qafqaz regionunda sabitliyin və sülhün təminatına yönəlib. Sərgidə Azərbaycanı təmsil edənlərin sırasında Siyasi Klubun sədri və Brüssel Vrije Universitetinin (VUB) siyasi elmlər üzrə tələbəsi Səbinə Həsənova başda olmaqla, KU Leuvendə Avropa tədqiqatları üzrə magistr proqramının məzunu Leyla Məmmədova, VUB-un biznes və iqtisadiyyat üzrə bakalavr tələbəsi Aydan Bəkirli, KU Leuvendə biznes administrasiyası üzrə bakalavr tələbəsi Riyad Səlimov və VUB-un sosial elmlər üzrə bakalavr tələbəsi Kamran Yusifzadə kimi könüllülər iştirak edirdilər.

Mərasimdə təəccüb doğuran bir çox məqam var idi. Şəkillərin müəyyən qismində sovet vaxtı inşa olunan abidələr göstərilirdi. Təşkilatçılar tərəfindən erməni irsi kimi qələmə alınması ilə yanaşı, digər qismi azərbaycanlıların XVIII əsrdə qorunan məscid kimi iddia etdikləri (amma əslində işğal zamanı donuzxana kimi istifadə olunan) Ağdam Cümə məscidi kimi inşa olunan məbədlər də göstərilirdi. Maraqlıdır ki, şəkillərin altında tarixi Ağdam adı mötərizəyə alınıb qondarma Akna rayonu kimi qeyd edilsə də, Siyasi Klubun üzvləri məscidin “London Post” agentliyinin dərc etdiyi şəkillərini Yerevan Diplomatik Məktəbinin əcnəbi müəllimləri ilə yanaşı, digər beynəlxalq tədbir iştirakçılarına göstərib ermənilərin məqsədyönlü şəkildə apardıqları təbliğat-təşviqat mövqelərini sual altına qoyaraq Azərbaycan həqiqətlərini işıqlandırdılar.

Çıxışı zamanı deputat Natali Luizö tarixi Qarabağ regionunun ermənilər tərəfindən “Arsak” və digərləri tərəfindən “Qarabağ” deyildiyini vurğulasa da, həmin ərazilərdən sürgün edilmiş azərbaycanlıların mədəni irsindən danışmadı, beynəlxalq aləm tərəfindən Azərbaycanın suveren əraziləri kimi tanınan torpaqların işğal altında olduğunu qeyd etdi.

Avropanın siyasi paytaxtında keçirilən bu tədbir yenidən bəlli etdi ki, Avropa deputatları ikili standart prinsiplərini Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının meydana qoyduqları prinsiplərdən daha üstün sayır, bunu dəlillərlə şübhə altına salan insanlara isə yöndəmsiz və qeyri-peşəkar cavab vermək cəhdləri edirlər.

 

Vüqar Seyidov

AZƏRTAC-n xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.