SİYASƏT
Azərbaycanlı tələbələr Rusiyanın Şimal paytaxtında Odlar yurdundan danışmışlar
Bakı, 4 may (AZƏRTAC). Rusiyanın qocaman ali məktəblərindən biri sayılan Sankt-Peterburq Dövlət Universitetində tələbələrin IX beynəlmiləl festivalı keçirilmişdir.
AZƏRTAC Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda bir sıra ölkələrin nümayəndələri iştirak etmişlər. Universitetdə təhsil alan azərbaycanlı tələbələr baş konsulluğun dəstəyi ilə Odlar Yurdunun mədəniyyətini əks etdirən sərgi, Azərbaycan xörəklərinin dequstasiyasını təşkil etmiş, milli rəqslər ifa etmişlər.
Tədbirdə konsul Elşad Qulamov çıxış edərək mədəniyyətlərarası dialoqun genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Neva sahillərində yerləşən şəhərdə hökm sürən tolerantlıq ab-havasından söz açan konsul bu məsələdə şəhər administrasiyasının böyük xidmətlərini xüsusi qeyd etmişdir.
Sankt-Peterburq Dövlət Universitetində hər il keçirilən beynəlmiləl festival ilk növbədə müxtəlif ölkələrin tələbələri arasında dostluq əlaqələrinin yaradılmasına yönəlmişdir ki, bu da tələbələrin 10 faizindən çoxunun əcnəbi olduğu bir ali məktəb üçün çox aktualdır.