MƏDƏNİYYƏT


Azərbaycanlı türkoloq-alim Özbəkistanda beynəlxalq konfransda iştirak edib

Daşkənd, 17 fevral, AZƏRTAC

Babur adına Əndican Dövlət Universitetində (ƏDU) böyük özbək şairi və dövlət xadimi Zəhirəddin Məhəmməd Baburun 537-ci illiyi münasibətilə beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Mərkəzi Asiya dövlətlərinin nümayəndələri, Əndican vilayət hakimiyyətinin rəhbərləri, senatorlar, elm, ədəbiyyat və mədəniyyət xadimləri, jurnalistlər qatılıb.

Konfransda ölkəmizi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər təmsil edib.

Tədbiri Əndican vilayətinin hakimi Şuxrat Abdurraxmanov açaraq bu qədim şəhərdə doğulan Zəhirəddin Məhəmməd Baburun həyatı və yaradıcılığı haqqında məlumat verib, bu böyük şəxsiyyətlə fəxr etdiklərini bildirib.

ƏDU-nun rektoru, professor Akramjon Yuldaşev bildirib ki, Babur dünya xalqları arasında böyük alim, şair, dövlət xadimi, Baburilər sülaləsinin banisi, bəşəriyyət tarixində böyük iz qoyan insan kimi tanınıb. O, öz xalqının layiqli oğlu kimi həyatının mürəkkəb dövründə belə elmin inkişafına böyük diqqət yetirib.

Ramiz Əsgər öz çıxışında deyib ki, Azərbaycanda özbək klassik və müasir ədəbiyyatını çox sevirlər. Böyük özbək şairləri Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Əlişir Nəvainin “Xəmsə” əsərlərini, Sultan Hüseyn Bayqaranın “Divan”ını Azərbaycan dilinə çevirmişəm. Ümumiyyətlə isə özbək dilindən çevirdiyim kitabların sayı 10-a çatıb. Babur dünya mədəniyyətinin, elminin inkişafına böyük töhfə verib. Şairin əsərləri ədəbiyyatın, musiqinin, tarixin, coğrafiyanın və başqa elmlərin inkişafında əvəzolunmaz rol oynayıb”, - deyə R. Əsgər söyləyib.

Sonra konfrans iştirakçıları Baburun Əndican şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.