SİYASƏT


Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər

Vaşinqton, 21 noyabr, AZƏRTAC 

Noyabrın 20-də BMT-nin Nyu-Yorkdakı qərargahında Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Adətən nazirlərin və dövlət başçılarının çıxış etdiyi və müşavirələr keçirdiyi Baş Assambleya zalında bu dəfə uşaq kollektivləri və gənc fəallar çıxış edirdi. Diplomatik missiyaların çoxu öz nümayəndə heyətlərinin tərkibinə böyüməkdə olan nəslin nümayəndələrini daxil etmişdi, zalda isə diplomatların yerini onların uşaqları tuturdu.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasını bizim gənc diplomatlar təmsil edirdi. Tədbirin əvvəlində BMT Baş katibinin müavini Əminə Məhəmməd çıxış etdi. O, Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə BMT Baş katibi Antonio Quterreşin nitqinin mətnini oxudu. Sonra UNİCEF-in xoşməramlı səfirləri – dünya futbolunun ulduzu Devid Bekhem və britaniyalı aktrisa Milli Bobbi Braun, UNİCEF-in icraçı direktoru Henriyetta For və başqaları çıxış etdilər.

Sessiyanın keçirilməsi ərəfəsində UNİCEF-in yeni məruzəsi dərc edilib. Sənəddə göstərilir ki, Uşaq Hüquqları haqqında BMT Konvensiyasının qəbul edilməsindən keçən 30 il ərzində beş yaşdan kiçik uşaqlar arasında ölüm halları 60 faiz azalıb. Konvensiyaya qoşulmuş 196 ölkə bu sənədin prinsiplərini öz qanunlarına və strategiyalarına daxil ediblər. Bu, müsbət nəticələr verib. Məsələn, əvvəllər məktəb yaşlı uşaqların az qala beşdəbir hissəsi (daha dəqiq desək, 18 faizi) məktəbə getmirdisə, bu gün məktəb təhsili almayan uşaqların sayı 8 faiz təşkil edir.

Bununla bərabər, dünyada milyonlarla uşaq hələ də yoxsulluq şəraitində yaşayır, məktəbə gedə bilmir, zorakılığa məruz qalır, münaqişə zonalarında əsgərliyə cəlb edilir. Bundan əlavə, iqlim dəyişmələri, miqrasiya və internetdə zorakılıq kimi qlobal problemlər uşaq hüquqlarının pozulmasına və onların müvafiq şəkildə müdafiə olunmamasına şərait yaradır. Sessiyada çıxış edən nümayəndələr bu və ya digər problemlərə toxundular. Əminə Məhəmməd öz çıxışında qeyd etdi ki, münaqişələr ucbatından, həmçinin daşqınlar və quraqlıq kimi təbii kataklizmlər üzündən çoxsaylı uşaqlar öz evlərini tərk etməyə məcbur olur. O bildirdi ki, belə uşaqlar müvəqqəti sığınacaqlarda yaşamağa məcbur olur, lakin bu cür həyat şəraitinin nəticələri həmin uşaqları həmişəlik şikəst edir.

Uşaq Hüquqları haqqında Konvensiya BMT-nin Baş Assambleyası tərəfindən 1989-cu ildə qəbul edilib və növbəti ildə qüvvəyə minib. 196 dövlət, o cümlədən BMT üzvü olmayan ölkələrdə də, məsələn, Vatikan bu Konvensiyanın iştirakçılarıdır. Konvensiyanı ratifikasiya etməmiş yeganə dövlət ABŞ-dır. Konvensiyada uşaqların təhsil almaq, layiqli həyat sürmək hüquqları, həmçinin onların zorakılıqdan və ayrı-seçkiliyin bütün formalarından müdafiəsi nəzərdə tutulur.

 

Yusif Babanlı

AZƏRTAC–ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.