CƏMİYYƏT


Azərbaycanlı və türkiyəli gənclər arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 25 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGBİ) “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı Türkiyənin Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, görüşdə azərbaycanlı və türkiyəli gənclər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin Azərbaycan ilə bağlı daha geniş məlumata sahib olmaları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Baş İdarənin rəisi Raqif Abbasov qonaqlara ölkəmizin tarixi, müstəqillik mübarizəsi və sürətli inkişafı barədə ətraflı məlumat verib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulayıb. R.Abbasov bu gün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini, ölkəmizin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində təmsil olunduğunu diqqətə çatdırıb. Azərbaycanda bütün sahələr kimi, gənclərin də dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan Baş İdarə rəisi bu gün gənclərimizin dünyanın ən mötəbər universitetlərində təhsil aldıqlarını qeyd edib.

Nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qardaş ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını ifadə ediblər.

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, o cümlədən görməli yerləri ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.