MƏDƏNİYYƏT


Azərbaycanlı və türkiyəli rəqqaslar Bakıda eyni səhnəni bölüşüblər

Bakı, 19 mart, AZƏRTAC

Bakıdakı Yunus Əmrə İnstitutunun, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyinin, Türkiyənin Atatürk Universitetinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə martın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Türkiyə xalq rəqsləri nümayişi” adı altında təşkil olunan bayram tədbirinin məqsədi ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanaraq, qardaş xalqlarımız və ölkələrimiz arasındakı mədəni əlaqələri dərinləşdirmək, ortaq milli dəyərlərimizi eyni səhnədə nümayiş etdirməkdir.

Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, TİKA Bakı Proqram Koordinatorluğunun rəsmisi Teoman Tiryaki və Azərbaycan Dövlət Akademik Filarmoniyasının bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev çıxış edərək Novruz bayramının tarixi əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, Novruz bayramı təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütün türksoylu xalqlar və qohum birliklər üçün də xüsusi əhəmiyyətə və dəyərə sahibdir, Novruz Azərbaycanda ən çox sevilən ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd olunur. Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin 13 nəfərdən ibarət türk xalq oyunları ansamblının və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs qrupunun Novruz bayramı proqramında eyni səhnəni bölüşməsi ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək.

Tədbir konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.