CƏMİYYƏT
Azərbaycanlı və ukraynalı alimlərin birgə əsərinin təqdimatı olub
Bakı, 1 iyun, AZƏRTAC
Ukrayna Katolik Universitetində (UKU) azərbaycanlı və ukraynalı alimlərin birgə əsərinin təqdimatı olub. Ukrayna dilində nəşr olunmuş “Pandemiya və dünya dinlərinin intibahı” adlı kitabın müəllifləri azərbaycanlı alim, tarixçi, publisist Teymur Atayev və ukraynalı şərqşünas, Din və Cəmiyyət İnstitutunun direktoru Roman Nazarenkodur.
AZƏRTAC “İslam hamı üçün” portalına istinadla xəbər verir ki, bu kitab ukraynalı xristian və azərbaycanlı müsəlman müəlliflərin unikal əməkdaşlığının bəhrəsidir.
Portalın məlumatında qeyd olunub ki, sözügedən nəşr “oxuculara hazırkı müxtəlif və eyni zamanda qarşılıqlı asılı, vəhdət halında olan dünyada ideyaların məkanının çoxölçülüyü, COVID-19 qlobal pandemiyasının doğurduğu çağırışlarla bağlı həyəcan və düşüncələri” təqdim edir. Kitabın səhifələrində ibrahimi dininin iki nümayəndəsi dinlərarası harmoniya rakursunu aktuallaşdırır, ümumilikdə, dinin müasir şəraitdə rolu ilə bağlı fikirlərini bölüşürlər”.
Təqdimat çərçivəsində müəlliflərin və qonaq qismində dəvət olunmuş “Ümmət” Ukrayna Müsəlmanları Ruhani İdarəsinin müftisi şeyx Murat Süleymanov və UKU-nun keşişi, fəlsəfə kafedrasının müəllimi İosif Slepoyun iştirakı ilə panel müzakirə keçirilib.
Çıxış edənlər vurğulayıblar ki, dünyanı cənginə alan qlobal-kardinal xarakterli böhranların yaratdığı problemlər ukraynalı və azərbaycanlı tədqiqatçıları dini və milli mənsubiyyətindən, habelə yaşayış yerindən asılı olmayaraq bütün insanları əhatə edən mənfi tendensiyaların aradan qaldırılması yollarını birgə araşdırmağa sövq edib. Natiqlər bu kontekstdə müntəzəm kommunikasiyaların təmin edilməsinin və qarşılıqlı dəstəyin zəruriliyini xüsusi qeyd ediblər.
Portalın xəbərində deyilir: “Teymur Atayev və Roman Nazarenko özlərinin bu tədqiqat əsərində tarixi, teoloji və bədii fonları məharətlə əlaqələndirib, oxucunu gələcəyin mənzərəsini tam şəkildə görmək üçün “bundan sonra nələr olacaq?” ritorik sualına öz cavabını verməyə dəvət ediblər.
Elmi-publisistik üslubda yazılmış bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.