MƏDƏNİYYƏT
Azərbaycanlı violonçel ifaçısı Londonda konsert verəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev 2018-ci il yanvarın 2-də Londonda Müqəddəs Martin Kilsəsində (St Martin-in-the-Fields) konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, konsertdə L.Bethoven və S.Raxmaninovun əsərləri səsləndiriləcək. Camal Əliyev konsertdə Ceyn Ço (skripka) və Salih Can Gevreklə (fortepiano) birlikdə çıxış edəcək.
C.Əliyev Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. Həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.
Koreyalı Ceyn Ço İngiltərədə və Belçikada, türkiyəli Salih Can Gevrek İngiltərədə musiqi təhsili alırlar.