MƏDƏNİYYƏT


Azərbaycanlı yazıçı ABŞ-da qızıl medala layiq görülüb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanlı yazıçı Rövşən Abdullaoğluna “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz bu yüksək mükafata iki il öncə “The Man on the Rails” (“Relslər üzərinə uzanmış adam”) əsərinə görə layiq görülmüşdü. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınmış mükafatlandırma mərasimi ABŞ-ın Mayami şəhərində keçirilib.

“Readers’ Favorite” kitablara rəy və mükafat verilməsi ilə məşğul olan, fəaliyyəti BBB (Best Business Bureau) tərəfindən yüksək (A+) dəyərləndirilmiş beynəlxalq ədəbi qurumdur. Adıçəkilən qurum kitabların təhlili üçün tanınmış dilçi alimlər, məşhur yazıçılarla əməkdaşlıq edir.

R.Abdullaoğlu adıçəkilən nüfuzlu beynəlxalq mükafata layiq görülməsi ilə bağlı bunları deyib: “Həmişə kitabların nəhəng təsirindən, mənəvi qüdrətindən danışıram. Bu dəfə isə bir kitab sayəsində okeanın o tayında, çoxmillətli geniş auditoriya qarşısında ölkəmizi təmsil etmək, bayrağımızı açmaq nəsib oldu. Çox qürurvericidir. Bu mükafatı tək özüm yox, sevincimi bölüşən, daim ən fərqli şəkillərdə öz dəstəyini ifadə edən əziz həmvətənlərim adına qəbul etdim”.

Ənənəvi məşhur Mayami Beynəlxalq Kitab sərgisi ilə eyni vaxta keçirildiyi üçün sərgiyə qatılan nəşriyyat təmsilçiləri də mərasimdə iştirak etmək fürsəti qazanıblar. Təşkilatçılar açılışı etdikdən sonra yazıçıların, kitab sektorunda fəaliyyət göstərən şəxslərin çıxışlarına yer verilib.

Qeyd edək ki, mükafatın təqdimat mərasimində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Nabat Eminova da iştirak ediblər. Mərasimdən sonra diaspor fəalları R.Abdullaoğlu ilə Amerikada ölkəmizi və mədəniyyətimizi tanıtmaq məqsədilə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, bu günə kimi Rövşən Abdullaoğlunun 27 kitabı işıq üzü görüb. Azərbaycanda çap olunan kitablarının əksəriyyəti bestseller olub, əsərləri türk, ingilis, rus, ərəb dillərinə tərcümə edilib. Bundan əlavə, yazıçı Amerikanın nüfuzlu beynəlxalq ədəbi qurumlardan müsbət rəylər, fərqlənmə nişanları alıb. Onun ən son çap olunmuş “Koramal” romanı Qarabağ savaşına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.