SİYASƏT
Azərbaycanlı yazıçı P.E.N. Almaniya Mərkəzinin üzvü seçilmişdir
Bakı, 17 may (AZƏRTAC). P.E.N. Almaniya Mərkəzinin Almaniyanın İngolstadt şəhərində illik konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda mərkəzə dörd yeni üzv seçilmişdir. Seçilənlər arasında azərbaycanlı yazıçı və tədqiqatçı Nuridə Atəşi də vardır. O, konfrans iştirakçılarının əksəriyyətinin səs çoxluğu ilə P.E.N. Almaniya Mərkəzinə üzv qəbul edilmişdir.
Almaniyanın tanınmış şairi, Nobel mükafatı laureatlı Günter Grasın fəxri prezidentlik etdiyi P.E.N. Almaniya Mərkəzinin 705 üzvü vardır. Mərkəz Londonda yerləşən İnternational P.E.N - “Poets, Publisist, Novelist” qurumuna bağlıdır.
Nizamnaməyə görə, bu quruma imzası beynəlxalq səviyyədə tanınmış və elmdə, ədəbiyyatda xüsusi xidmətləri olan, yalnız Almaniyada yaşayan və almanca yazan yazıçılar, publisistlər qəbul olunurlar.
Azərbaycanlı yazıçının namizədliyi tanınmış və fəal P.E.N. üzvlərindən olan professor Adalbert Podlex tərəfindən irəli sürülmüşdür. Şura üzvü, professor Lutz Götze isə N.Atəşinin poeziya, publisistika və araşdırma sahələrində müxtəlif dillərdə yazdığı 15 kitabı və xidmətləri haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Azərbaycanın klassik poeziya nümunələrinin toplandığı “Pərvanə və şam” antologiyasının N.Atəşi tərəfindən ilk dəfə alman dilinə tərcüməsi və onun bu dildə yazdığı “Qarabağ uğrunda savaş” əsərinin beynəlxalq ədəbiyyat aləmində daha çox diqqətəlayiq yer tutduğu bildirilmişdir.