MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının yeni əsəri türk dilində
Bakı, 3 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
Bakıda Yunus Əmrə İnstitutunda tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin “Payız ilğımları” (“Sonbaharın ilgımları”) adlı türk dilində nəşr edilmiş kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, müəllifin bu kitabı üzvü olduğu Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) və həmin yaradıcılıq qurumunun Azərbaycan təmsilçiliyinin birgə layihəsi çərçivəsində işıq üzü görüb. Əsəri türk dilinə Muhammed Rza Goci çevirib. Kitabın “Ön söz” müəllifi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, redaktoru Cavidan Kərimlidir.
Bildirilib ki, Z.Məhərrəmlinin ictimaiyyətə təqdim olunan yeni kitabında bədii nəsr nümunələri toplanıb. Yazıçı ənənəsinə sadiq qalaraq yaradıcılığının əbədi mövzusundan yan keçməmiş, Qarabağ müharibəsinin həyatımıza gətirdiyi fəlakətləri əks etdirən, barıt qoxulu, təməli yurdsevərlik olan hekayətləri kitabına daxil edib. Müəllifin povest və hekayələrinin, mənsur şeir və esselərindən seçmələrin yer aldığı kitabda çağdaş dünyamızın əzəli-əbədi dəyərləri, müxtəlif insan taleləri fərqli ədəbi prizmalardan təsvir edilib.
Xatırladaq ki, yazıçı-publisistin türk dilində ilk kitabı olan “Qarabağda savaş var” hələ 1999-cu ildə İstanbulun “Turan” yayın evində nəşr olunmuşdu.