MƏDƏNİYYƏT
Azərbaycanlı yeniyetmə Rusiya telekanalının efirində Rəşid Behbudovun mahnısını ifa edib VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Rusiyanın NTV telekanalında valideyn himayəsindən məhrum uşaqlar arasında keçirilən “Tı super!” beynəlxalq uşaq vokal müsabiqəsinin ikinci mövsümünün növbəti buraxılışı təqdim olunub. Azərbaycanı bu müsabiqədə Zaqataladan 12 yaşlı Namiq Cəbrayılov və Bakıdan 15 yaşlı Səməd Novruzov təmsil edib.
AZƏRTAC xəbər verir ki, layihənin növbəti buraxılışında Səməd Novruzov çıxış edərək, Rəşid Behbudovun repertuarından Tofiq Babayevin bəstəsi olan “Bu şəhərdə” mahnısını ifa edib. Layihənin münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanan Səməd Novruzov vokal müsabiqəsinin növbəti mərhələsinə vəsiqə alıb.
Səliqəli, ünsiyyətcil və gülərüz Səməd Novruzov səhnə ilə uşaqlıqdan tanışdır: bütün bunlar aktyor sənəti dərslərindən başlayıb, hazırda o, rep ifa etməklə, daim öz reçitativini (mahnı arasındakı danışıq) təkmilləşdirir.
Qeyd edək ki, bu il münsiflər heyəti skamyasında bəstəkar İqor Krutoy, ifaçı Sergey Lazarev, müğənni Yulianna Karaulova, bəstəkar və prodüser Viktor Drobış əyləşib. “Tı super!” layihəsində 13 ölkədən 8-18 yaş arası 82 uşaq iştirak edir.
Xatırladaq ki, “Tı super!” vokal müsabiqəsinin birinci mövsümündə Azərbaycanı Xoşqədəm Mehdiyeva və Pərvanə Alcanova təmsil ediblər.