SİYASƏT


Azərbaycanlı ziyalıların və incəsənət xadimlərinin görüşü

Berlin, 3 dekabr (AZƏRTAC). Berlində yaşayan azərbaycanlı ziyalılar və incəsənət xadimləri, eləcə də onların gələcək fəaliyyəti və planları ilə daha yaxından tanışlıq məqsədi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Berlin-Bakı Qalereyası ilə birgə görüş keçirilmişdir. Görüşün daha bir məqsədi Azərbaycan incəsənətinin və mədəniyyətinin Almaniyada tanıdılması, 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümünə həsr ediləcək tədbirlərin və digər aktual məsələlərin müzakirəsi olmuşdur.

Görüşü AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova açaraq Berlində fəaliyyətdə olan ziyalılar arasında səmərəli ünsiyyətin qurulması imkanlarını, eləcə də birgə iş əməkdaşlığı üçün yollar araşdırılmasını təklif etmişdir.

Berlin-Bakı Qalereyasının icraçı direktoru Ebrahim Ehrari rəssamların, eləcə də digər incəsənət xadimləri ilə birgə layihələrin hazırlanmasını, onlarla mütəmadi görüşlər keçirilməsini və bu görüşlərdə Almaniyada yaşayan bütün incəsənət adamlarının iştirakını təklif etmişdir. O, Azərbaycanı daha yaxşı tanıtmaq məqsədi ilə tədbirlər silsiləsi keçirməyi və alman ictimaiyyətini həmin tədbirlərə dəvət etməyi təklif etmişdir. Gələcəkdə bütün Almaniya üzrə mədəniyyət adamlarının birgə görüşünü təşkil etmək fikrində olduğunu demişdir.

İştirakçılar 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirilməsinə və müxtəlif sahələrdə təşkilinə dair təkliflər vermişdir.

Müzakirələrdə iştirak edən Adil Bayramov Almaniyada yaşayan azərbaycanlı incəsənət adamlarını özündə birləşdirən şuranın yaradılmasını, Ləman Dadaş konsert proqramlarının təşkil edilməsini, Məsud Pənahi və Nuri Dadaş Alman və Azərbaycan arxitekturasının təqdimatını, Samirə Patser-İsmayılova diasporu yeni Azərbaycan filmləri ilə tanış etmək məqsədi ilə film axşamlarının keçirilməsini, Səbinə Bayramova 8 mart – Beynəlxalq Qadınlar günündə seminar keçirilməsini, Kəmalə İsmayilova “Eurovision-2012” musiqi yarışmasından turizm üçün istifadə edilməsini və s. kimi təkliflər irəli sürmüşlər.

AAKM-in rəhbərliyi bütün təklifləri toplayaraq görüş iştirakçılarının bir daha müzakirəsinə veriləcəyini bildirmişdir.

Görüş iştirakçıları təşəbbüsü müsbət qiymətləndirmiş və gələcəkdə belə görüşlərin mütəmadi surətdə həyata keçirilməsinin dəyərli olduğunu bildirmişlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.