QAN YADDAŞI
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən hüquqi-siyasi qiymətdir
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Daxili İşlər Nazirliyində (DİN) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin az müddət sonra regionu, “qan çanağı”na çevirdiklərini, onların “Böyük Ermənistan” kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımların azərbaycanlılara qarşı kütləvi qətliamların və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, bu qanlı tarixin qısa fasilələrlə, dəfələrlə təkrarlandığını iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb. Ulu öndər Heydər Əliyev Fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh edib, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət verib və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırıb. Ümummilli Liderin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram xarakterli sənəd, terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların və həqiqətlərin keçmiş sovet hakimiyyəti dönəmində ümumiyyətlə təhrif olunduğunu təəssüflə qeyd edib.
O, real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan ətraflı məruzə ilə çıxış edib. Bildirilib ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılan soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr, 1991-1993-cü illərdə isə 20 faiz ərazisini itirib, yüz minlərlə insan isə soyqırımı nəticəsində məhv edilib.
Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi vurğulanıb. Həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.