İQTİSADİYYAT
Azercell “Asan İmza” xidməti çərçivəsində endirimləri davam edir
Bakı, 31 mart AZƏRTAC
İlk dəfə olaraq Azercell Telekom tərəfindən təqdim olunan “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaq istəyən abunəçilər üçün endirimli tariflər davam etdiriləcək.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, aprelin 30-da “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair güzəştli kampaniyanın müddətinin bitməsinə baxmayaraq, bu xidmətlə bağlı tariflərin kampaniya bitdikdən sonra əvvəlki səviyyəyə qalxmamasına qərar verilib.
Beləliklə, mayın 1-dən etibarən bütün “Asan İmza” istifadəçi qrupları üzrə (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS-in qiyməti isə 0,03 AZN təşkil edəcək.
Xatırladaq ki, “Asan İmza” xidmətinə qoşulma haqqı vətəndaşlar üçün 30 manat, hüquqi şəxslərin nümayəndələri üçün 154 manat, dövlət qulluqçuları üçün isə 80 manat təşkil edirdi. Ötən ilin 16 may tarixindən etibarən qüvvədə olmuş kampaniya çərçivəsində qoşulma haqqı hər üç istifadəçi qrupu üzrə 18 manata endirilib.
Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza” dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.