İQTİSADİYYAT
“Azercell Telecom” MMC bu il sosial layihələrin həyata keçirilməsinə yatırımları davam etdirəcək
Bakı, 18 fevral, AZƏRTAC
“Azercell Telecom” MMC bu il sosial layihələrin həyata keçirilməsinə yatırımları davam etdirəcək. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanlara, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer veriləcək.
Bu barədə AZƏRTAC-a məlumat verən “Azercell Telecom”un korporativ əlaqələr şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bildirib ki, cari ildə tələbələr üçün növbəti “Təcrübə proqramı” keçirilib. Proqram üzrə 12 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək şirkətdən 200 manat məbləğində aylıq təqaüd alacaqlar. Onlar telekommunikasiya sahəsi haqda biliklərini artırır, şirkətin korporativ tədbirlərinə dəvət alır, müxtəlif təlimlərdə iştirak edir və təcrübə keçmək imkanı əldə edirlər. Eyni zamanda, bu il “Bölğə tələbə proqramı” reallaşdırılıb. Qaliblər sırasında Lənkəran Dövlət Universitetinin, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin tələbələri yer alıb.
Qeyd edək ki, ötən il sosial layihələrin həyata keçirilməsinə 0,3 milyon manat vəsait sərf edilib. On səkkiz il ərzində isə təqribən, 14 milyon manat xərclənib. “Azercell” Azərbaycan və Qafqaz regionunda ilk Elm Festivalına dəstək olub. Şirkətin dəstək verdiyi digər layihə “Elm və texnologiya sahibkarlığı proqramı” müsabiqəsində II yeri tutub. Telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə, “Azercell” müstəqil jurinin səsverməsinə əsasən “İlin şirkəti”, “İlin ən yaxşı məhsulu”, “İlin ən yaxşı müştəri xidmətləri” nominasiyaları üzrə nüfuzlu “Stevie” Beynəlxalq biznes Mükafatını qazanıb.