CƏMİYYƏT
“Azərenerji” ASC-də usta işləyən şəxsi elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 16-sı saat 10 radələrində Gəncə şəhər sakini 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kilovatlıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat verilib.
Gəncə Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov həmin yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.