İQTİSADİYYAT


“Azərenerji”: Enerji sistemin Dispetçer İdarəetmə Mərkəzi yenidən qurulur

Bakı, 12 fevral, AZƏRTAC

“Azərenerji” ASC etibarlılıq və təhlükəsizliyi artırmaq üçün enerji sistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur.

ASC-dən AZƏRTAC xəbər verir ki, bununla ölkənin enerji sistemi həm idarəetmə, həm də kiberhücumlara qarşı daha dayanıqlı olacaq. Artıq yüksəkgərginlikli elektrik ötürmə xətləri və yarımstansiyalarda qəzaların qarşısını almaq məqsədilə gərginliyin kəskin düşməsinin qarşısını alan mikroprossesor texnikası əsasında əks-qəza avtomatikası işə salınıb.

Yenilənəcək SCADA sistemi daha çox enerji obyektini əhatə etməklə müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılacaq. Hazırda istismarda olan SCADA idarəetmə sistemi 45 enerji obyektini əhatə edir. SCADA layihəsinin həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində 30 elektrik stansiyasının və 150-dək yarımstansiyanın əhatə olunması nəzərdə tutulur. Yeni sistemin imkanları geniş olacaq və müstəqil enerji istehsalçılarının qoşulmasına da imkan yaranacaq.

Eyni zamanda, yeni sistem elektrik enerjisinin istehsalı və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaradacaq. Bu da ötürmə itkiləri və stansiyalarda yanacaq sərfi nəzərə alınmaqla enerji sisteminin rejimlərinin optimallaşdırılmasına və çəkilən xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq. Bundan başqa, kiberhücumlara dayanıqlı olmaqla, qonşu ölkələrin sistem operatorlarının istifadə etdikləri SCADA sistemlərinin məlumat mübadiləsini, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviyyədə təmin edilməsinə bilavasitə texniki dəstək olacaq. Eyni zamanda, yeni sistemin tərkibində elektrik enerjisi bazarını (spot-bazar və balanslaşdırıcı bazar) texnoloji cəhətdən dəstəkləyən alt-sistem nəzərdə tutulacaq.

Hazırda xarici məsləhətçi şirkətin nümayəndəsinin iştirakı ilə texniki spesifikasiya hazırlanır və mart ayında xarici şirkətlərin də iştirakı ilə tender keçiriləcək.

Azərbaycan enerji sistemində SCADA layihəsinin birinci fazası 2005-2011-ci illərdə həyata keçirilib. Lakin rəqəmsal texnologiya çox sürətlə inkişaf etdiyinə görə müəyyən komponentləri hazırda istehsalçı şirkətlər tərəfindən dəstəklənmir və artıq istismardan çıxarılıb. Bu da mövcud SCADA sistemində müəyyən problemlər yaradıb. Yenidənqurmanı şərtləndirən amillərdən biri ötən il istehsalçı şirkətin apardığı audit zamanı müəyyən edilmiş texniki qüsurlar. Digər tərəfdən ötən ilin iyul ayında enerji sistemin baş vermiş sistem qəzası ilə əlaqədar ölkə başçısının elektroenergetika sektor qarşısında qoyduğu hədəflərə çatmaq üçün “Azərenerji” enerji sistemin Dispetçer İdarəetmə Mərkəzinin yenidən qurulmasını günün tələbi hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.