İQTİSADİYYAT
“Azərenerji”: Enerji sistemində əlavə gücün əldə edilməsinə nail olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Enerji sistemində əlavə gücün əldə edilməsinə nail olunub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı” çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssisələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur. “Azərenerji” ASC-nin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər, köklü dəyişikliklər fonunda enerji sisteminin müstəqillik dövründə tikilib istifadəyə verilmiş ikinci ən böyük generasiya gücünə malik elektrik stansiyası - 780 meqavatlıq “Cənub” ES-in qoyuluş gücü ilə faktiki istehsal gücünün uyğunsuzluğu aradan qaldırılır. Belə ki, görülən texniki tədbirlər nəticəsində elektrik stansiyasının istehsal gücü 700 meqavata çatdırılıb.
Stansiyanın 2 saylı Qaz Turbinin isti qaz yolunun təmiri işləri aparılıb, isti qaz yolları, yanma kamerası təftiş olunub, turbinin I, II, III saylı işçi kürəkləri yeniləri ilə əvəz edilib. Təftişin sonunda qaz turbini yuyulub.
Noyabrın 25-də 2 saylı Qaz Turbin müvəffəqiyyətlə işə qoşulub, Qaz Turbin dispetçer yük qrafikinə uyğun olaraq yüklənib. Digər qaz turbinlərdə də aparılmış bəzi əməliyyatlar, o cümlədən çıxış tüstü qazlarının temperaturunun qaldırılması nəticəsində stansiyanın ümumi yükü dispetçer yük tənzimləməsi rejiminə uyğun olaraq 700 meqavata çatdırılıb.
Aparılmış təmir işləri və digər texnoloji əməliyyatlar stansiyanın texniki iqtisadi göstəricilərinə də müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin xüsusi sərfi 4 faiz normaya qarşı 3,5 faizə salınıb, yanacağın xüsusi sərfi isə 245 qr/kvts normaya qarşı 239 qr/kvts-a salınıb.
Belə uğurlu texniki tədbirlər “Azərenerji” ASC tərəfindən davamlı olaraq digər elektrik stansiyalarda da həyata keçirilməkdədir.