REGİONLAR


“Azərenerji” “Mingəçevir” SES-də təmir-bərpa işləri aparır

Bakı, 14 avqust, AZƏRTAC

“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) ilə yanaşı “Mingəçevir” Su Elektrik Stansiyasında (SES) da təmir-bərpa işləri həyata keçirir.

ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir və bərpa işləri aparılmasına ehtiyac yaranıb. Bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidroaqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqustun sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək. Bugünədək “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransformator quraşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransformator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.

Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kilovoltluq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni zamanda, onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub.

“Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla “itirilmiş” güc bərpa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.