İQTİSADİYYAT
“Azərenerji”: Xəzər dənizində tikilən estakada “Sumqayıt” elektrik stansiyasını dayanmaq təhlükəsindən xilas edəcək
Bakı, 30 aprel, AZƏRTAC
Xəzər dənizində son 10 ildə suyun səviyyəsinin 2 metrədək aşağı düşməsi ölkənin dördüncü böyük elektrik stansiyası olan “Sumqayıt” elektrik stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, 2004-cü ildə “Sumqayıt” elektrik stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin kritik həddə düşməsi soyutma suyunun götürülməsində ciddi problem yaradıb. Məhz buna görə də, 2018-ci ildə “Azərenerji”də aparılan islahatlardan sonra yaranmış problemi aradan qaldırmaq üçün əməli işə keçilib. Daha doğrusu elektrik stansiyasını dayanmaq təhlükəsindən çıxarmaq üçün Xəzər dənizinin içərisinə doğru, soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın tikintisinə başlanılıb. Artıq işin 80 faizi görülüb. Tikinti prosesi növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir.
“Sumqayıt” elektrik stansiyasında digər sahələrdə aparılan təmir işləri ilə yanaşı, estakadada aparılan tikinti prosesi də yaxın 2 ayda yekunlaşacaq və qurğu istismara veriləcək. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılmaqla yanaşı, “Sumqayıt” elektrik stansiyası dayanmaq təhlükəsindən xilas ediləcək.