İQTİSADİYYAT
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerji sistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi təqdim edir. Reaktiv gücün kompensasiyası layihəsi çərçivəsində keyfiyyət artacaq.
Enerji sistemi üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyi üçün istismar müddətini başa vurmuşdu. Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerji sistemində qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafədən idarəolunan müasir “SCADA” dispetçer sistemi yaradılır.
Qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 kilometr məsafədə 330 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.
Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.