İQTİSADİYYAT


“Azərenerji” bəzi yüksəkgərginlikli hava elektrik xətlərini yeraltı kabel xəttinə keçirir VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçu rayonunun ərazisindən keçən və Hava Limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində mövcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri “Azərenerji” ASC tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 110 kilovoltluq “Ramana” yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 kilometr uzunluqda, tək damarlı olaraq isə 32 kilometr məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur. Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir.

Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli Hava Limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyük həcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altı ilə keçiləcək. Xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsi ərazinin xarici görünüşünü yaxşılaşdıracaq, ekoloji tələblərə cavab verəcək, ən əsası baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.

Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.