İQTİSADİYYAT
“Azərenerji” payız-qış mövsümünə hazırlıqla bağlı zəruri tədbirlər görüb
Bakı, 22 noyabr, AZƏRTAC
2019–2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı “Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işlər müəyyənləşdirilərək bütün zəruri tədbirlər həyata keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi elektrik stansiyaları və yarımstansiyaların əməliyyat heyəti cəlb edilməklə əks-qəza məşqi keçirilib. Enerji müəssisələrinin əməliyyat heyəti şərti qəzanın aradan qaldırılmasına normativ vaxt çərçivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib. Ümumilikdə sistem üzrə əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.
2019–2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdıqdan sonra mərkəzi komissiya və yerli komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda il ərzində görülmüş işlərə qiymət verilib. Ümumilikdə nəzərdə tutulmuş 897 tədbirdən 807-nin icra olunduğu qeyd olunub, obyektiv səbəblər üzündən icrası mümkün olmayan tədbirlərin ilin sonunadək yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qiymətləndirmə yekunlaşdıqdan sonra bütün enerji müəssisələrinə payız-qış mövsümünə hazırlıq barəsində pasportlar təqdim edilib.