İQTİSADİYYAT
“Azərenerji” regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 20-yə yaxın elektrik stansiyası tikib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların inkişafı istiqamətində ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, o cümlədən elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilib. “Azərenerji” ASC tərəfindən bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilib, 10 minlərlə kilometr elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilib və ya yenidən qurulub.
Davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün “Azərenerji” ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür.
Hazırda “Azərenerji” ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernləşdirilməsi işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir.