İQTİSADİYYAT


“Azərenerji” son 3 ayda 210 meqavat itirilmiş gücü bərpa edib

Bakı, 4 dekabr, AZƏRTAC

“Azərenerji” ASC son 3 ay ərzində 210 meqavat itirilmiş gücü bərpa edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə “Azərenerji” tərəfindən enerji sistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya proqramı” üzrə artıq ciddi nəticələr əldə olunub. Belə ki, 780 meqavat layihə gücündə olan “Cənub” elektrik stansiyasının (ES) qaz turbinlərini yüksəktəzyiqli qaz yanacağı ilə təmin edən qaz kompressorları qeyri-stabil işlədiyi üçün elektrik stansiya 260 meqavat yük məhdudiyyəti ilə istismar edildiyi halda, stansiyanın qaz kompressorlarında olan nöqsanların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib, əsaslı təmir işləri aparılıb. Təmir zamanı qaz turbininin 3 pilləsinin istiqamətləndirici işçi kürəkləri, pillələrin kipləndirici hissələri, odluqlarda olan bütün elementlər yenisi ilə əvəz edilib və rekonstruksiya olunub. Görülən işlər nəticəsində stansiyanın yükü 520 meqavatdan 700 meqavata qaldırılmaqla 180 meqavat itirilmiş güc bərpa olunub.

Müqayisə üçün qeyd edək ki, 180 meqavat güc orta hesabla 5 rayonun elektrik enerji tələbatı miqyasındadır. “Cənub” ES-də aparılan planlı təmir işləri davam etməkdədir və yaxın zamanlarda yük məhdudiyyətinin tam aradan qaldırılması mümkün olacaq.

“Şimal” ES-də analoji olaraq təmir və bərpa işləri nəticəsində stansiyanın gücü 350 meqavatdan 370 meqavata yüksəldilib. Eyni zamanda, “Şimal” ES-dən Abşeron regionunun enerji təminatını təmin edən elektrik verilişi xətlərində profilaktik təmir işləri aparılıb, stansiyanın təsirlənmə sistemində olan qüsur “ABB” şirkətinin nümayəndələrinin iştirakı ilə həll edilib, nəticədə 20 meqavat güc məhdudiyyəti aradan qaldırılıb.

“Bakı” ES-də yarımstansiyadan çıxan 110 kilovoltluq 3-cü və 4-cü “8 km” elektrik verilişi hava xətlərinin 2,1 kilometrlik hissəsindəki naqillərin en kəsiyi böyük olan naqillərlə əvəz edilməsi ilə xətlərin yük buraxma qabiliyyəti artırılıb və bununla da “Bakı” ES-də 10 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Nəticədə stansiyanın yükü 80 meqavatdan 90 meqavata çatdırılıb.

Hazırda enerji sistemi üzrə generasiya güclərinin, ötürücü şəbəkələrin, rele mühafizəsi və əks qəza avtomatikasının etibarlığının artırılması, itirilmiş güclərin bərpa edilməsi istiqamətində “Reabilitasiya proqramı” əsasında yenidənqurma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.