İQTİSADİYYAT


“Azərenerji”də gənc kadrların hazırlanması diqqətdə saxlanılır

Bakı, 15 yanvar, AZƏRTAC

“Azərenerji” ASC-də Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə nail olmaq, gənc kadrları önə çəkmək, ötən ilin iyul ayında baş verən enerji böhranının təkrar olmamasını təmin etmək üçün kadr məsələsinə xüsusi diqqət ayrılır. Bunun üçün “Azərenerji” kadr məsələsi ilə bağlı daha bir yenilik edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, yüksəkixtisaslı kadrların hazırlanması, elektrotexnoloji yeniliklərin, yeni iş metodlarının öyrədilməsi məqsədilə keçən ilin oktyabr ayında keçirilən imtahan nəticələrinə görə fərqlənən işçilərin “Azərenerji”nin rəhbər şəxsləri tərəfindən qəyyumluğa götürülərək istehsalatda hazırlanmasına, bilik və bacarıqlarının artırılmasına, nəticədə əvəzedici kadr ehtiyatının formalaşdırılmasına qərar verilib. Belə ki, ASC-nin idarə aparatında və tabeçiliyində olan müəssisələrdə işləyən vəzifəli şəxslərin hər birinə gənc perspektivli mühəndislər köməkçi kimi təhkim olunub.

Rəhbər şəxslərə cari ilin sonuna qədər fərdi qaydada məşğul olmaqla iş, təcrübə və bilik sahəsində vərdişləri aşılayaraq gəncləri yüksək səviyyədə yetişdirmələri tapşırılıb. Paralel olaraq “Azərenerji” ASC-nin Mərkəzi Müsahibə Komissiyası hər rübün sonunda qəyyumluğa götürülən işçilərin hazırlıq səviyyəsini yoxlayacaq. İlin sonunda Mərkəzi Müsahibə Komissiyasının yekun rəyinə əsasən, fərqlənən gənc mütəxəssislər müxtəlif vəzifələrə təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.