CƏMİYYƏT
“Azərenerji”də qanvermə aksiyası keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, “Azərenerji” ASC-nin təşkilatçılığı ilə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərenerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında səhmdar cəmiyyətin 100 nəfərdən çox əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoşməramlı və xeyirxah missiyada könüllü iştirak edib.
Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilib.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan etmişdi və həmin gündən başlayaraq, “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilmişdi.