İQTİSADİYYAT
“Azerfon” şirkəti “Azərbaycan Hava Yolları”nın təyyarələrində mobil rabitə xidmətinə başlamışdır
Bakı, 7 mart (AZƏRTAC). “Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) “Azərbaycan Hava Yolları – AZAL” və İsveçrənin “OnAir” şirkətləri ilə birgə AZAL-a məxsus təyyarələrdə mobil rabitə xidmətini sərnişinlərin istifadəsinə vermişdir.
AZƏRTAC xəbər verir ki, AZAL ilə əldə olunan razılaşmaya əsasən, “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayan “Azerfon” şirkətinin abunəçiləri hava məkanında bu xidmətlərdən tam şəkildə faydalana biləcəklər.
“Azerfon”, AZAL və “OnAir” şirkətlərinin nümayəndələrinin, eləcə də bir qrup yerli jurnalistin iştirakı ilə martın 7-də reallaşdırılan Bakı-Kiyev-Bakı aviareysində sınaqdan keçirilən mobil rabitə sistemini sərnişinlər də razılıqla qarşılamışlar. “Aerobus-320” tipli təyyarədə təxminən 105 sərnişin vardır.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Azərfon”un təşəbbüsü ilə tətbiq olunan bu yeniliyi əlamətdar hadisə adlandırmışdır. Dünyanın inkişaf etmiş beynəlxalq şirkətlərində olduğu kimi, AZAL-da da mobil rabitə xidmətinin istifadəyə verildiyini deyən M.Səfərli qeyd etmişdir ki, bu, həm də Azərbaycanın milli aviadaşıyıcısının sərnişinlərinə Novruz bayramı hədiyyəsidir. Doqquz min metr yüksəklikdə uçuş zamanı mobil rabitədən istifadə etmək böyük nailiyyətdir. Aviaşirkətimiz bu xidməti istifadəyə verməklə MDB məkanında birincidir. Bundan başqa, daim uçuş coğrafiyasını genişləndirən və aviaparkını müasirləşdirən “Azərbaycan Hava Yolları” 6 “Embraer”, 2 “Aerbuss-340” tipli, 2014-cü ildə isə 2 “Boeing-787 Dreamliner” təyyarəsinin alınması ilə bağlı müqavilələr bağlamışdır. Alınan yeni təyyarələrdə də bu sistem tətbiq olunacaqdır. Beləliklə də AZAL dünya aviaşirkətləri arasında öz mövqeyini qorumaqla yanaşı, öncüllər sırasına da çıxacaqdır.
Hazırda bu xidmət AZAL-ın 5 təyyarəsində tətbiq olunmuşdur, sonra isə mərhələlərlə digər təyyarələrdə də quraşdırılaraq istifadəyə veriləcəkdir. Həmçinin bu sistem İCAO tərəfindən sertifikatlaşdırılmışdır.
Müasir dövrdə insanı mobil telefonsuz təsəvvür etməyin çətin olduğunu deyən “Azərfon” MMC-nin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd etmişdir ki, artıq “Nar Mobile” şəbəkəsinin abunəçiləri AZAL-ın təyyarələrində “Nar Air” tarif planından istifadə edirlər. Sistemi İsveçrənin “OnAir” şirkəti quraşdırmışdır. Bu sistem vasitəsilə sərnişinlər Yerdə olduğu kimi, uçuş zamanı səmada da ailəsi, dostları və həmkarları ilə həm rabitə əlaqəsi yarada, internetə qoşularaq sosial şəbəkələrdən rahat istifadə edə bilərlər.
Sistemin texniki cəhətləri barədə məlumat verən N.Arpadarai demişdir ki, bu proses yer səthində olarkən beynəlxalq rouminqdən istifadə etmək kimi bir vasitədir. Belə ki, təyyarə havaya qalxdıqdan sonra uçuş zamanı mobil telefon işə salınmalıdır. İstifadə xərcləri beynəlxalq rouminq tarifləri formasında sərnişinin mobil operatoru tərəfindən çıxılacaqdır. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manat təşkil edəcəkdir. Qısa ismarıcın göndərilməsi (SMS) 50 qəpik (daxil olan SMS-lər pulsuzdur) olacaqdır. MMS-in göndərilməsinin qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manat təşkil edəcəkdir. Xidmət səsli rabitə və SMS, habelə “mobil data”nı dəstəkləyir.
Təyyarə havaya qalxarkən və enərkən mobil telefonlar və digər cihazların qapalı olmasının təhlükəsizlik baxımından vacibliyini vurğulayan “OnAir” şirkətinin Şimali və Mərkəzi Avropa üzrə satış və biznesin inkişafı şöbəsinin rəhbəri Daniel Froehly bildirmişdir ki, sərnişinlər təyyarə havaya qalxdıqdan sonra “Azerfon” şəbəkəsinə qoşulmaqla mobil telefon və ya smartfondan yerdə olduğu kimi istifadə edə biləcəklər. Bu zaman təyyarədə quraşdırılmış baza stansiyası siqnalı qəbul edir. Siqnal göyərtədə olan GSM server tərəfindən işlənir və peyk vasitəsilə ötürülür. Yer səthindəki “OnAir” GSM infrastrukturu siqnalı qəbul edir və sərnişinin trafikini təyinatı üzrə yönəldir. Hazırda “OnAir”in bu sistemi çərçivəsində 15 aviasiya şirkəti şəbəkəyə qoşulmuş, 40-dək şirkətlə isə bu istiqamətdə danışıqlar aparılır.
Təyyarənin sərnişinləri də mobil rabitə xidmətini yüksək qiymətləndirmişlər. Uçuş zamanı mobil rabitə xidmətindən yararlanaraq ailəsi ilə danışan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova “Nar Mobile”in bu xidmətinin onun üçün gözlənilməz olduğunu söyləmişdir. Kiyevdə təhsil aldığını deyən A.Kamilova bu sistemin səfərlər zamanı səmada ikən ailəsi ilə əlaqə saxlamaq, habelə internetdən istifadə etmək baxımından sərnişinlərə əlavə üstünlüklər verdiyini vurğulamışdır.
Beləliklə, “Azerfon” MMC-nin, AZAL-ın və “OnAir” şirkətlərinin birgə əməkdaşlığının bəhrəsi olan bu yenilik “İnformasiya-kommunikasiya texnologiyaları ili”nə təsadüf etməklə bərabər, həm sərnişinlərin imkanlarının genişləndirilməsinə, həm də Azərbaycanın telekommunikasiya və mobil rabitə sahəsində yeni bir dövrün başlanmasına şərait yaratmışdır.