İQTİSADİYYAT
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən bu vaxtadək çıxarılan neft-qaz həcmləri açıqlanıb
Bakı, 21 may, AZƏRTAC
İstismara veriləndən bu il mayın 1-dək olan dövrdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 milyon ton neft (kondensatla birlikdə), 293 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.